Sərginin mərkəzində Qafqazın Böyük Beşliyi - Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı dayanır. Onlar həm biomüxtəlifliyin nadir nümayəndələri, həm də kollektiv yaddaşda formalaşmış arxetipik və simvolik obrazlardır.
“Sayrışan Simvollar” bu zoomorf obrazların qədim totemik təsəvvürlərdən çağdaş vizual mədəniyyətə keçdiyi transformasiyanı araşdırır. Yeni media və multidissiplinar praktikalar vasitəsilə onlar müasir ekoloji, mədəni və texnoloji reallıqlar kontekstində yenidən şərh olunur.
“Sayrışma” simvolların zaman və kontekst dəyişdikcə yenidən görünməsini, yeni mənalar qazanmasını və yeni yollar göstərməsini ifadə edir. Bu baxımdan, heyvan obrazları keçmişin izləri deyil, bu gün də yaşayan, dəyişən və gələcəyə istiqamət verən mədəni kodlardır.
Sərginin mentoru - Atəş Hub platformasının təsisçisi Sabina Şıxlinskaya, kuratoru isə Mənsurə Məmmədəliyevadır. Sərgidə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova iştirak edirlər.
“Sayrışan Simvollar” sərgisi “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Layihə mədəni irsin çağdaş interpretasiyalar vasitəsilə yenidən mənalandırılmasını və yeni kontekstlərdə gələcəyə ötürülməsini hədəfləyir.
“Varislər” sərgi layihəsinin 2026–2027-ci illərdə geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
“Sayrışan simvollar” sərgisi 30 oktyabr – 30 dekabr 2026-cı il tarixlərində ziyarətçilər üçün açıq olacaq.