D’ART Gallery “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində “Qrotesk” sərgisini təqdim edir.
Sərgi Azərbaycan təsviri sənətinin görkəmli rəssam və heykəltəraşlarının yaradıcılığı kontekstində qroteskin bədii ifadə xüsusiyyətlərini, estetik-fəlsəfi mahiyyətini və müxtəlif təzahür formalarını araşdırır.
İnsan obrazının bədii təhrifi, satirik ifadə, ironiya, simvolizm və absurd elementləri sərginin konseptual istiqamətini müəyyənləşdirən əsas məqamlardandır. Rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri vasitəsilə reallığın qeyri-ənənəvi bədii şərhi, insan və cəmiyyət münasibətləri, həyatın ziddiyyətləri və qroteskin bədii düşüncədəki rolu təqdim olunur.
Sərgi kuratorun elmi tədqiqat istiqaməti ilə əlaqəli olaraq Azərbaycan təsviri sənətində qroteskin bədii ifadə xüsusiyyətlərini, estetik-fəlsəfi mahiyyətini və rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində təzahür formalarını araşdırır.
“Qrotesk” sərgisi tamaşaçıları Azərbaycan təsviri sənətinə fərqli baxış bucağından baxmağa, bədii obrazların arxasında gizlənən mənaları və müasir dünyanın mürəkkəbliyini incəsənət vasitəsilə dərk etməyə dəvət edir.
Sərginin kuratoru:
Dilarə Müzəffərli, sənətşünas
D’ART Gallery-nin təsisçisi və direktoru